İSTİ-İSTİ

Atanın ala bilmədiyi Hadruta oğul bayraq sancdı – VİDEOREPORTAJ

Vətən Müharibəsində qanı müqəddəs torpaqlara qarışan igidlərdən biri də baş leytenant Səid Qasımlıdır.

Muxbir.az-ın məlumatına görə, Səid 1990-cı ildə Füzuli rayonunun Horadiz qəsəbəsində anadan olub. 3 yaşı olarkən erməni qəsbkarları tərəfindən doğulduğu qəsəbə işğal edilib. Bundan sonra ailənin ağrı-acı dolu məcburi köçkünlük həyatı başlayıb.

Səid orta təhsilini Bakıdakı 207 saylı məktəbdə tamamlayıb. Doğulduğu Fizuli rayonunun işğal altında olması, minlərlə günahsız insanın qətli bir çox Azərbaycan gənci kimi, ona da rahatlıq verməyib. Bu səbəbdən könlünü hərb sənətinə verib. Ali Hərbi Məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra öz arzusu ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu postda zabit kimi hərbi xidmətə başlayıb: “2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Hətta Aprel döyüşlərində Polad Həşimovla bir yerdə şəkilləri var mətbuatda, birlikdə olublar. Mən də sonradan bilmişəm. Yəni zabit kimi səngərdən başlayıb. Ancaq öz istəyi olub. Bilirsiniz, Səid qarabağlıdır. Səiddən öncə mən Füzuli rayonunun icra başçısı olmuşam. O döyüşlərdə mən özüm olmuşam. O dövrkü ordunun yığılmasında mən özüm iştirak etmişəm. Lakin bu o demək deyil ki, Səidi də mən öyrətmişəm. Özü baxıb, özü qərar verib”.

Hələ kiçik yaşlarından atası onu döyüş bölgələrinə aparıb. Səngəri, silahı həyatla eyni vaxtda dərk edən Səid zaman keçdikcə əsl müharibə, savaş insanı olub. Elə buna görə də bir müddət hərbidən ayrılmalı olsa da, ehtiyatda olan baş leytenant kimi ölkəsini tərk etməyib, nə zaman müharibə başlasa, zabit kimi ordu sıralarına yazılmaq arzusunu mütəmadi dilinə gətirib: “Dəfələrlə onun xaricə getmək imkanı oldu. Almaniyadan mənim dostlarım çağırdı onu, Türkiyədən öz dostları bir neçə dəfə təklif etdilər. Getmədi”.

Sentyabrın 27-də başlayan Vətən Müharibəsini Səid illərdir gözlədiyi fürsət kimi dəyərləndirib. Dərhal ehtiyatda olan zabit kimi müvafiq qurumlara müraciət edib. Qeydiyyata alsalar da, hələlik gözləməli olduğunu deyiblər. Lakin Səid getmək üçün israr edib: “Bu dəfə də getdi. 1 gün, 24 saat belə gözləmədi. Deyirdi, ordakı könüllülər təcrübəsizdir, onlara kömək lazımdır. Oktyabrın 9-u mənə zəng elədi ki, Hadrutdayıq. Hadrut mənim yaralı yerimdir. Biz 3 dəfə ora hücum eləmişik 1992, 1993-də, ala bilməmişik. İtkilər də vermişik. Ancaq indi Səidgil Hadrutu ala bildilər. Mən buna çox sevindim”.

Atasının ən böyük arzusu olan Hadrut yüksəkliyini işğaldan azad edən cəsur döyüşçü özü ilə götürdüyü üçrəngli bayrağımızı buraya sancıb. Lakin elə bu vaxt mənfur düşmənin atdığı snayper gülləsinə tuş gəlib. Böyük qələbəmizin ilk müəlliflərindən olan Səid Qasımov doğulduğu Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub: “Ayın 10-u bunlara istirahət veriblər. Yuyunduğu yerdə danışıb. Deyib, başımı qurutmamışam, amma səngərə gedəcəyəm, uşaqlar təcrübəsizdir. Səid əvvəlcədən heç nə deyən deyildi. Sadəcə, mənə zəng elədi, dedi, Hadrutdayıq. Mən bilirəm Hadrut haradır. Dedim, sağda, solda nə var. Bir də dedim, soyuq su içmə. Sən demə, bunlar artıq xeyli soyuq su içiblərmiş”.

Övladının su içərək xəstələnməsindən narahat olan ata səhəri günü onun şəhid olma xəbərini alıb. Valideyn kimi övlad acısı böyük olsa da, qürur hissi bütün kədərini üstələyib: “11-i günorta saatlarında mənə bir dostum zəng elədi. Həkim ona deyib. Öncə demək istəməyiblər, sonra deyib. Mən də təbii qəbul elədim. Müharibədir, Səid zabit idi. Özü necə qəbul edərdisə, mən də elə qəbul elədim. Şəhid olanların hər biri mənim övladımdır. Mən Səid yaşda olanda özüm həmin ərazidə müdafiə qərargahının sədri olmuşam və icra başçısı idim. 125 şəhid dəfn eləmişəm mən özüm. Mən elə düşünürəm ki, övladsız yaşamaq mümkündür, görürsüz, 40 gündür yaşayıram. Amma vətənsiz yaşamaq mümkün deyil axı”.

Hazırda üzərinə şəhid baş leytenant Səid Qasımovun adı yazılan ay-ulduzlu qalib bayrağımız Hadrut yüksəkliyində dalğalanmaqdadır. Onun öz əli ilə sancdığı bu bayraq həm də daha bir Azərbaycan zabitinin qorxmazlıq, mərdlik simvoludur.

Haqqında muxbir.az

Bunlara da bax

COVID-19-u yüngül keçirənlərin müalicəyə ehtiyacı yoxdur

Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev və …

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir