İSTİ-İSTİ

Xankəndində ermənilərin satışa çıxardığı mənzillər: O evlərə məcburi köçkünlərimizi yerləşdirməliyik

Əmlak eksperti Elnur Fərzəliyev yazır…

Artıq bir neçə gündür ki, müxtəlif saytlarda ermənilərin  işğal etdikləri ərazilərdəki  evlərini satışa çıxartdığının şahidi oluruq. Satış  qiymətlərinə nəzər salsaq,  mənzillərin qiymətlərinin  fantastik dərəcədə şişirdilmiş olduğunun şahidi oluruq. Xankəndindəki mənzillərin qiymətləri  hətta Sumqayıt şəhərindəki mənzillərin qiymətindən də baha  qiymətə satışa çıxarılıb. Təbii ki, bu yanaşma  ermənilər tərəfindən düşünülmüş bir addımdır.

Reallıq budur ki, bu gün heç bir erməni həmin ərazilərdə daşınmaz əmlaka yatırım etməz. Onların əsas məqsədləri öz mənzillərini Azərbaycan hökumətinə baha qiymətlərə sataraq həmin ərazilərdən çıxıb getməkdir.

Görəsən, ermənilər həmin alqı-satqı əqdlərini hansı yolla həyata kecirəcəklər?

Həmin ərazilər artıq Azərbaycanın nəzarətindədir və bütün sənədləşmə  işləri  Azərbaycan qanunvericiliyinə uyğun aparılmalıdır.  Təklif edərdim ki, ilk növbədə Şuşa şəhərində “ASAN XİDMƏT”  Mərkəzinin modul tipli bir filialı açılsın və qondarma rejimin orada yaşayan ermənilərə verdikləri bütün mülkiyyət hüquqlarını təsdiq edən sənədləşmə işləri ləğv olunaraq, sənədləşmələr Azərbaycan Respublikasının Konstutsiyasına və qanunvericiliyinə  uyğun aparılsın.

Statistikaya nəzər salsaq, işğaldan əvvəl təkcə Xankəndində 12 000-dən artıq azərbaycanlı yaşayıb. Bu gün biz Xankəndindən məcburi köçkün düşmüş soydaşlarımızı oraya yerləşdirmək üçün illərlə tikinti işləri aparmalıyıq. Bu isə çox uzun zaman alacaq. Ona görə də ilk növbədə,  ermənilərin faktiki yaşadığı həmin ərazilərdə Azərbaycan qanunvericiliyini tətbiq etmək və  ermənilərin satışa çıxardıqları evləri alaraq öz məcburi köçkünlərimizi  yerləşdirməliyik. Lakin satılan əmlak qiymətləri ermənilərin şişirdilmiş qiymətləri deyil, real bazar qiymətləri ilə dəyərləndirilməlidir. Bunun üçün isə həmin ərazilərə yerli və xarici qiymətləndirmə şirkətlərini  dəvət  edərək monitorinqlər aparılmalı və əmlakların real bazar dəyəri müəyyənləşməlidir. Bu proses baş tutarsa,  yerli əhalimizin həmin ərazilərə köçmə prosesi nəzərdə tutulduğundan da tez baş verə bilər.

Haqqında muxbir.az